Dərman bitkilərinin çoxaldılması və öyrənilməsi məqsədilə bağbanlıq kursu açmağı planlaşdırırıq. Dərman bitkilərini düzgün qurutmaq lazımdır. Ölkəmizə xaricdən gətirilən dərman bitkilərinin çoxu düzgün qurudulmadığı üçün kimyəvi tərkibi dəyişir. Bunun da xəstəyə heç bir faydası olmur.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalov müsahibəsində deyib.
Y.Zeynalov bildirib ki, kursun açılması üçün artıq hər şey hazırdır. O deyib: “İlk növbədə, kursda dərman bitkilərinin çoxaldılması ilə bağlı təcrübi bilikləri aşılamaq lazımdır. Daha sonra bu bitkilərin müalicədə tətbiqi istiqamətində işlər görülə bilər. Ümumiyyətlə, Azərbaycanda dərman bitkilərinin çoxlu sayda növü var. Lakin bu bitkilərdən istifadə hələ tam təkmilləşməyib. Belə ki, dərman bitkilərinin yığılması və qurudulması qaydalarına əməl etmədikdə keyfiyyət aşağı olur”.
azertag.az