Frankofoniya həftələri çərçivəsində “Şərqin macar tədqiqatçıları” adlı sərgi açılıb
11.4.2017

Aprelin 10-da Azərbaycandakı Fransız İnstitutunda “Şərqin macar tədqiqatçıları” adlı sərgi açılıb.

Sərgi Bakıda keçirilən Frankofoniya həftələri çərçivəsində baş tutub.

Sərginin açılışında çıxış edən Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşez üç ildir Bakıda Frankofoniya həftələrinin keçirildiyini bildirib. “Bu il Frankofoniya həftələrində 10 ölkəni təmsil edən səfirlik iştirak edir. Keçən il bu layihədə iştirak edən ölkələrin sayı 8 olub. Bu layihənin müstəsnalığı ölkələrin çoxsaylı mədəniyyət tədbirləri ilə iştirak etməsidir. Onlar öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edirlər”, - deyə diplomat qeyd edib.

Aureliya Buşez bu gün təşkil edilən sərginin dünyanı gəzən və kəşf edən macarlara həsr olunduğunu söyləyib.

Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski bir çox macar tədqiqatçılarının Şərqdə macəra dolu həyat yaşadıqlarını vurğulayaraq deyib ki, bu sərgidə onların həyatları və əsərləri hekayələr və şəkillər vasitəsilə əks etdirilir. Bildirib ki, sərgiyə gələnlər Şimali Afrika, Yaxın Şərq və Qafqazdan Hindistana, Çinə və Sakit Okean Adalarınadək araşdırmalar aparmış məşhur macar səyyahları və alimlərinin həyatı, macəraları və elmi işləri ilə tanış ola biləcəklər.

Sərgi aprelin 13-dək davam edəcək.

azertag.az