Türkiyədə yaşayan həmvətənimiz, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanovun “Əsərlər məcmuəsi” Bakıda “Şur” nəşriyyatında çapdan çıxıb.
243 səhifəlik bu kitabda müəllifin bir çox instrumental, vokal əsərləri və İ.S.Baxa ithaf etdiyi 5 fuqası yer alıb. Kitab müəllifin oxucularla 40-cı görüşüdür.
Babək Qurbanov Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqi nəzəriyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, uzun müddət elmi tədqiqatlarını Moskvada davam etdirib, SSRİ Elmlər Akademiyasının nəzdində estetika elmi şurasında doktorluq dissertasiyası müdafiə edib.
Kitabda yer almış əsərlərin bir çoxunu tanınmış musiqiçilər - professorlar Həqiqət Məhərrəmova, İlqar İmamverdiyev, Dilarə Məmmədova, Fərhad Ağamalıyev, dosent Tamilla Qasımova, fəlsəfə elmləri namizədi Rəfael Məmmədəliyev, dosent Əfqan Salayev və başqaları Türkiyənin Ankara, Ərzurum, Trabzon, Şanlı Urfa, Qaziantep və digər yerlərində səsləndiriblər. Bu əsərlərin mükəmməlliyi onlardan tədris prosesində də istifadə etməyə imkan verir.
Kitabın musiqi redaktoru istedadlı pianoçu, Harran Universiteti Konservatoriyasının müəllimi Əfqan Salayev, “Ön söz”ün müəllifi sənətşünaslıq doktoru İlqar İmamverdiyev, bədii və texniki redaktoru isə tanınmış şair Musa Ələkbərlidir.
azertag.az