Fransa mətbuatı: Bakı mədəniyyət və sivilizasiyaların mərkəzidir
11.4.2017

Paytaxt Bakı turistləri cəlb etmək üçün böyük səy göstərir. Fransa mətbuatında dərc olunan “Azərbaycan - Bakı: təzadlarla dolu paytaxt” adlı məqalədə belə yazılır.

Müəllif Bakının mədəniyyət və sivilizasiyaların mərkəzi olduğunu bildirir.

Bakı müxtəlif ölkələrdən qonaqları cəlb etmək üçün artıq bir neçə ildir ki, öz imicini möhkəmləndirib. Şəhərin daha da gözəlləşməsi üçün çox səy göstərilib. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları Azərbaycanda təşkil olunub. Bununla yanaşı, Bakı “Formula 1” Qran-pri yarışlarına ev sahibliyi edir.

Bu barədə Fransa mətbuatında dərc olunan məqalədə bildirilir. Müəllif qeyd edir ki, mədəniyyət və sivilizasiyaların mərkəzi olan paytaxt Bakı müasir və qədim üslubların sintezi ilə memarlıqda yeni səhifə açıb. İçərişəhər gəzmək üçün ən gözəl məkanlardan biridir. Şəhərdə geniş prospektlər, oyma daşlı binalar və parklar var.

Müəllif vurğulayır ki, həddən artıq təmizlik və həyat tərzinə görə, Bakı Monako və ya Nitsa şəhərlərini xatırladır. Sakinlərin axşamlar axışdığı dəniz sahilindəki bulvar isə Barselonaya və yaxud Rio-de-Janeyroya bənzəyir. Şəhərdə xeyli sayda ultramodern və futuristik üslublu binaların da olduğunu yazan müəllif onların ən gözəlləri arasında, məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzi və şəhərin müasir simvoluna çevrilən “Alov qüllələri”ni xüsusilə vurğulayır.

azertag.az