Hər birimiz zamanla baş ağrıları ilə üzləşirik. Məhz bu səbəbdən insanların əksəriyyəti baş ağrılarına ciddi fikir vermir.
İnsanların bir hissəsi dözüb gözləməyə (“hamıda ağrıyir, birazdan kəsəcək”), digərləri baş ağrısı başlayan kimi ağrısızlaşdıran dərmanlardan birini qəbul etməyə üstünlük verir.
Təbii ki, bir çox hallarda baş ağrılarının səbəbi gərginlik və stress olur. Lakin bəzən “adi” baş ağrısı çox ağır və təhlükəli xəstəliklərin simptomu kimi meydana çıxır və bu halda insana vaxtında tibbi yardım göstərilməzsə, insanın sağlamlığı və hətta həyatı təhlükədə ola bilər.
Beləliklə, nə zaman baş ağrısı ciddi xəstəliyin simptomu ola bilər?
- Beyin şişləri. Bu baş ağrıları ilə müşayiət olunan ən təhlükəli xəstəliklərdən biridir. Xoşbəxtlikdən, bu çox nadir xəstəlikdir. Baş ağrılarla bağlı həkimlərə müraciət edən xəstələrin yalnız 0,5%-ndə bu xəstəlik aşkar olunur. Lakin bu heç də o demək deyil ki, hər bir insan bu ciddi xəstəliyin inkişafından sığortalanıb. Beyin şişlərinin simptomları müxtəlifdir – tez-tez təkrarlanan güclü baş ağrıları, ürəkbulanması, qusma, zəiflik, başgicəllənməsi və s. Özünüzdə bu kimi simptomları müşahidə etdikdə dərhal həkimə müraciət edin.
- Qıcolmalar, bədən həratinin artması, başgicəllənməsi, ürəkbulanması və qusma və s. simptomların kəskin baş ağrısı ilə müşayiət olunması insultun inkişafına işarə edir. Bu halda dərhal “təcili yardım” briqadasını çağırmaq lazımdır.
- Beyin qişalarının iltihabı – meninqit də güclü baş ağrıları ilə müşayiət olunur. Baş ağrılarından əlavə xəstədə ürəkbulanması və qusma, parlaq işiğa qarşı dözümsüzlük, bədən hərarətinin artması, huşun dumanlı olması və s. kimi simptomlar inkişaf edir. Bu vəziyyətdə olan xəstəyə dərhal tibbi yardım göstərilməlidir.
- Bəzən baş travmalarından (güclü zərbə, yıxılma və s.) dərhal sonra insan heç bir ciddi ağrı hiss etməyə də bilər. Lakin travmadan bir neçə gün keçdikdən sonra xəstədə güclü baş ağrıları inkişaf edə bilər. Bu halda dərhal həkimə müraciət etmək lazımdır.
- Bəzi göz xəstəlikləri (məsələn, qlaukoma) zamanı xəstə güclü baş ağrıları hiss edir. Bu zaman baş ağrıları gözün daxilində və gözün arxasında olan ağrılar, gözün dartılması, şişməsi hissi ilə müşayiət olunur. Bu simptomları hiss etdikdə dərhal həkimə müraciət edin. Vaxtında müalicə olunmayan qlaukoma korluqla nəticələnə bilər.
- Çox təhlükəli xəstəliklərdən biri olan beyin damarının anevrizması da çox güclü və üzücü baş ağrıları (adətən başın bir tərəfində), üzün bir tərəfinin keyiməsi, gözlərdə ağrılar, görmənin pozulması və s. simptomlarla müşayiət olunur. Vaxtında aşkar olunmayan və müalicə olunmayan anevrizma yırtıla bilər ki, nəticədə xəstə həlak ola bilər.
- Baş ağrıları haymorit və frontit kimi ciddi xəstəliklərinin simptomu ola bilər.
Beləliklə, əgər sizdə baş ağrıları tez-tez təkrar olursa, vaxt keçdikcə daha güclü və dözülməz olursa, digər simptomlarla (ürəkbulanması, qusma, keyimə, bədən hərarətinin artması və s.) müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət edin. Vaxtında aşkar olunan hətta ən ciddi xəstəlik daha tez və uğurla müalicə olunur.
saglamolun.az