Aprelin 13-14-də Daşkənddəki “Уzkurqazmasavdo” mərkəzi sərgi salonunda “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi keçiriləcək.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə sərgidə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edəcək.
AMM-in direktoru Samir Abbasov bildirib ki, qurulacaq “Azərbaycan” stendi üçün artıq xüsusi sahə ayrılıb. Stenddə ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdiriləcək, Mədəniyyət və Turizm Nazirliyindən turizmə dair göndərilən nəşrlər təqdim olunacaq.
S.Abbasov qeyd edib ki, Azərbaycan stendində Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “Baku Shopping Festival” adlı xüsusi bukletlərin və bu mövzudakı videoçarxın nümayiş etdirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, sərgidə Azərbaycandan Naftalan şəhərindəki “Çinar” və “Qaşaltı” otelləri də iştirak edəcək.
azertag.az