Aprelin 12-dən 15-dək Azərbaycanda Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin mədəniyyət günləri keçiriləcək. Mədəniyyət günlərinin açılış mərasimi aprelin 12-də Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirin rəsmi hissəsindən sonra Qızıl Orda vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.
“Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin Azərbaycanda mədəniyyət günləri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un dəstəyi ilə baş tutacaq mədəniyyət günləri çərçivəsində aprelin 12-dən 15-dək Bakı və Şəki şəhərlərində bir sıra mədəni tədbirlər keçiriləcək. Qızıl Orda Filarmoniyasının konserti, N.Bekejanov adına Qazax Musiqili Dram Teatrının Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırladığı “Getməyəcəksən! Vəssalam, getməyəcəksən...” tamaşası azərbaycanlı tamaşaçılara təqdim olunacaq. İnanırıq ki, bu tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.
azertag.az