Aprelin 11-i Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Günüdür
11.4.2017

Aprelin 11-də - Parkinson xəstəliyinin ilk tədqiqatçısı, ingilis alimi Ceyms Parkinsonun doğum günündə Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə günü qeyd edilir. Parkinson xəstəliyi mərkəzi sinir sisteminin xroniki şiddətlənən xəstəliyidir. O, ilk dəfə XIX əsrin əvvəlində ingilis həkimi C.Parkinson tərəfindən “titrəyən iflic” kimi təsvir edilib.

Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrum olma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması bu xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planet əhalisinin qocalması – cəmiyyətin strukturunda qocaların sayının artması ilə bağlı olaraq Parkinson xəstəliyi əsl sosial problemə çevrilib. Xəstələnənlərin sayı durmadan artır, xəstəlik cavanlaşır – 30-40 yaş arasında pasiyentlərin sayı çoxalır. Bu xəstəliyin öyrənilməsi sahəsində qazanılan uğurlara baxmayaraq, təbabət Parkinson xəstəliyinin kifayət qədər səmərəli müalicə metoduna malik deyil.

Dünyada təxminən 4 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Gününün rəmzi qırmızı zanbaqdır. Seleksiyaçılar hətta “Doktor Ceyms Parkinson” xüsusi zanbaq növü yaradıblar.

azertag.az