Hər ilin yaz və payız mövsümlərində havaların isinməsi və soyuması ilə əlaqədar olaraq bəzi insanlarda depressiya baş verir. Bu sahədə mütəxəssis rəyi öyrənmək üçün Kliniki Tibbi Mərkəzin həkimi, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyevaya müraciət etdik.
Paytaxtın baş həkim-terapevti deyib: “İnsan təbiətdən ayrı təsəvvür etmək mümkün deyil və onun ayrılmaz bir hissəsidir. Ona görə də təbiətdə baş verən hər hansı dəyişiklik ona təsirsiz ötüşmür. Fəsil depressiyasına daha çox havaların isinməsi ilə əlaqədar olaraq yazın əvvəllərində, xüsusən apreldə təsadüf olunur. Depressiya əhvali-ruhiyyədə mənfi istiqamətdə bəzi dəyişikliklərin baş verməsidir. Xroniki ürək-damar və tənəffüs sistemləri xəstəliyi olanlar həmin depressiyalara daha tez məruz qalırlar. Fəsil depressiyası diaqnozu o vaxt qoyulur ki, yorğunluq, həmişə yuxulu olmaq, qidalanmanın zəifləməsi kimi əlamətlər minimum iki-üç il dalbadal özünü büruzə verir. Fəsil depressiyaları yaranmasının əsas səbəbi günəş işığının çatışmazlığı hesab edilir. Depressiya orqanizmdə sutkalıq ritmlərdə dəyişikliklərin yaranmasına, bir sıra hormonların, xüsusilə melatonin sintezinin pozulmasına səbəb olur.”
Terapevtin dediyinə görə, yuxu müddətinin uzanması, oyanmanın çətinləşməsi və səhər tezdən əzginlik, gün ərzində yuxulu olma, bəzən erkən oyanma və bir daha yata bilməmək, ümidsizlik hissləri, narahatlıq, həyat eşqinin azalması, müsbət emosiyaların yoxluğu, həyəcanlanma, daxili gərginlik, stressə qarşı dözümün azalması, iştahanın artması, qarında və oynaqlarda ağrı, iltihabi xəstəliklərə, soyuqdəyməyə qarşı müqavimətin azalması, dost-tanışlarla ünsiyyətdən qaçma fəsil depressiyasının əlamətləri hesab olunur.
Həkim-terapevt onu da söyləyib ki, ürək-damar xəstələri, xüsusilə hipertoniya, stenokardiya, işemik xəstəliyi olanlar meteoroloji cəhətdən daha həssas olurlar və onlar üçün bu proses xüsusilə təhlükəli xarakter daşıyır. Məsələ burasındadır ki, həmin xəstələrdən eləsi var ki, fəsil dəyişikliyinə məruz qalarkən təzyiqin yüksəlməsini hiss etmirlər. Bu, xüsusilə təhlükəlidir. Ona görə də həmin xəstələr yazda havalar istiləşməmiş özləri həkimə müraciət edib yoxlanılmalı, baş verən dəyişiklərin orqanizmdə ağır fəsadlar verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
R. Əliyeva depressiyadan qorunmağın vacibliyini də qeyd edib:” Fəsil depressiyası olanlar isti və küləkli havalarda təbiətlə ünsiyyətdən uzaq olmalı, xüsusi ehtiyac yaranmadığı hallarda açıq havaya çıxmamalı, günəş şüalarının düz düşdüyü saatlarda açıq havada çox gəzməməlidirlər. Həm ürək-damar, həm də kəskin respirator xəstəliyi, rinit və s. olanlar özbaşına dava-dərman, antidepressiantlar qəbul etməməli, çoxlu maye içməli, orqanizmin susuzlaşmasının qarşısını almağa çalışmalıdırlar. Mədə-bağırsaq sistemi xəstəlikləri olanlar minerallarla zəngin olan göy-göyərti və təzə tərəvəzləri çiy qəbul etməkdən çəkinməli və həmin qidaları bişmiş halda yeməlidirlər. Tərkibində immuniteti gücləndirən bal, təzə şirələr, süd və süd məhsulları, yumurta zülalı və s. qidalar daha çox qəbul edilməlidir.
Fəsil depressiyaları, depressiyaların onda birini təşkil edir və ona istənilən yaşda, xüsusilə 18-30 yaş aralarında daha çox rast gəlinir. Həkimin dediyinə görə, zaman etibarı ilə o qədər də böyük vaxtı əhatə etməyən mövsümlərarası dövrdə orqanizm üçün yaranan fəsadlardan qorunmağa çalışmaq lazımdır.
azertag.az