“Nizami” stansiyasında aparılan işlərlə bağlı XƏBƏR
11.4.2017

Metronun “Nizami” stansiyasında yerləşən suxaric qurğularındakı istismar müddəti başa çatan nasos aqreqatları yenilənir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, uzun müddətdir istifadə olunan bu qurğular artıq mövcud tələblərə cavab vermədiyindən, eyni zamanda bu tip nasosların ehtiyat hissələri ilə təmin olunmasında çətinliklər yarandığından, elektrik enerjisindən daha qənaətli istifadəyə və müasir nasos aqreqatları ilə dəyişdirilməsinə zəmin yaranmışdı: " Artıq bir neçə ildir ki, Bakı metropolitenində istismar müddətini başa vurmuş nasosların yenilənməsi prosesinə başlanılıb. Yeni tipli nasoslar etibarlığına, elektrik enerjisinin qənaətinə və məhsuldarlığına görə əvvəlkilərdən fərqlənir.

“Nəsimi” stansiyasının tikintisi zamanı oradakı qurğularda tətbiq edilən nasoslar müasir tələblərə tam cavab verdiyinə, həmçinin Bakı metropoliteninin tunellərindəki aqressiv mühitin təsiri şəraitində özünü doğrultduğuna görə, köhnə nasosları onlarla əvəz etmək barədə metropoliten rəhbərliyi tərəfindən qərar qəbul edilib. Bu günə qədər metropolitenin suxaric qurğularındakı nasosların təxminən 15 faizi yeni tipli nasoslarla əvəz edilib. Hal-hazırda isə “Nizami” stansiyasında bu tip nasosların quraşdırılmasına başlanılıb. Belə ki, “Nizami” stansiyasının birinci suxaric qurğusunda 15 kVt gücə malik olan nasosların işini artıq 4 kVt-luq müasir nasoslar yerinə yetirir. Eyni işlər stansiyanın ikinci suxaric qurğusunda da icra olunur. Digər stansiyalardan fərqli olaraq, burada suxaric qurğularına yığılan sular polad borular vasitəsi ilə tuneldəki 22 saylı əsas suxaric qurğusuna ötürülür. Uzun illər istismar nəticəsində bu borular yararsız hala düşdüyündən, stansiyanın təmiri zamanı onlar polietilen borularla əvəz edilib.

Həmçinin çirkab suxaric qurğusu da yeni qurğu ilə əvəzlənib. Müasir qurğunun nasosları çirkab suların tərkibindəki iri həcmli hissələri doğrayan mexanizmə malikdir. İndi stansiyanın bütün çirkab suları qurğunun öz çənlərinə dolur və oradan nasoslar vasitəsilə xaric edilir. Çənlər isə sistemin özü tərəfindən yuyulur. Bu sistemin tətbiqi istismar heyətinin işini yüngülləşdirməklə bərabər, stansiyanın həmin ərazisində əmələ gələn xoşagəlməz qoxuların qarşısını alır".

N.Paşayev deyib ki, suxaric qurğularının nasos aqreqatları ehtiyat enerji mənbəyi ilə təmin edilib və xüsusi idarəetmə şkafları quraşdırılıb. Enerji mənbələrinin dəyişməsi xüsusi proqram ilə icra olunur.

Qeyd edək ki, gələcəkdə metropolitenin digər suxaric qurğularında da yeni tipli nasos aqreqatları və idarəetmə şkafları quraşdırılacaq.

trend