UNEC tələbəsi “Golden Byte 2017”nin ölkə qalibləri sırasında
11.4.2017

Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanın ilk dəfə iştirak etdiyi “Golden Byte-2017” beynəlxalq İT çempionatının ölkə finalı keçirilib. UNEC-in Texnologiya və dizayn fakültəsinin IV kurs tələbəsi Fəqan Çələbizadə “Web Project” nominasiyasında “TagWishes” layihəsi ilə ikinci yerə layiq görülüb.

Bu barədə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Qeyd edək ki, yalnız Azərbaycandan 780 iştirakçının qeydiyyatdan keçdiyi çempionatın seçim turlarına 450, final mərhələsinə isə 100 nəfər vəsiqə qazana bilmişdi. Layihələr 8 fərqli nominasiyada təqdim edilib: Start Up Сhallenge, Web Project, Game Design, Character Design, Mobile Development, Internet of things və 10-17 yaş arası iştirakçılar üçün Junior Competition. Təqdim edilən layihələrin əsas mövzusu isə “Invent. Create. Change” (“İcad et. Yarat. Dəyiş”) olub.
İkinci və üçüncü yerlərin qaliblərinə müsabiqənin partnyorları olan Lenovo, Huawei, Maxi.az və Ultra şirkətlərinin hədiyyələri təqdim edilib.

TagWishes layihəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, UNEC və İnnovativ Biznes-İnkubatorun (İBİ) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olub.
TagWishes.com UNEC tələbəsinin hazırladığı sosial şəbəkədir. Bu sosial şəbəkə vasitəsi ilə istifadəçilər hədiyyə almaq istədikləri əşyaları, arzu və məqsədlərini səhifələrində yerləşdirirlər. TagWishes proqramının mobil əlavəsini buradan yükləyə bilərsiniz.

UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

trend