Aprelin 29-da qeyd olunacaq Beynəlxalq Rəqs Gününün mövzusu “Birlikdə rəqs edək” adlanır.
Bu barədə məlumat Beynəlxalq Rəqs Gününün saytında yer alıb. Saytda, həmçinin bu əlamətdar günlə bağlı peşəkar rəqqaslara və bu sənətin vurğunlarına müraciət yerləşdirilib. Müraciət, həm də bu il martın 18-də vəfat etmiş ABŞ rəqqası və xoreoqrafı Trişa Braunun xatirəsinə ehtiram olaraq dərc edilib.
Mərhum sənətkarın yazıları və fikirləri əsasında hazırlanmış müraciətdə qeyd edilir ki, rəqs insanlar arasında ünsiyyətin universal dilini zənginləşdirir, sevinc, gözəllik doğurur və insan biliyini təkmilləşdirir. Rəqs təfəkkürdə, yaradıcılıq, iş və ifa prosesində bir daha kreativlik nümayiş etdirmək haqqındadır. Bizim bədənimiz təqdimat üçün vasitə deyil, fikrin ifadəsi üçün alətdir. Bu anlayış sənətin vacib dərsi və hədiyyəsi olan yaradıcılığımıza sərbəstlik verir. Rəqs insanlardan və ideyalardan ibarətdir. Tamaşaçılar rəqsdən yaradıcılıq impulsu götürə və bunu gündəlik həyatına tətbiq edə bilər.
Müraciətin tam mətnini Beynəlxalq Rəqs Gününün saytında oxumaq olar.
Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun ifa sənəti üzrə tərəfdaşı olan Beynəlxalq Teatr İnstitutunun Rəqs Komitəsi tərəfindən təsis edilib. Məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd edilir.
azertag.az