Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Bişkekdə
12.4.2017

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanov Qırğızıstanda səfərdədir.

T.Əmiraslanov qırğız həmkarları ilə birgə Bişkekdəki bir neçə tanınmış restoranın iş prosesi və menyusu ilə tanış olub. O, iki gün ərzində restoran işçiləri üçün "İnsanın bütün hisslərinin restoran biznesində istismarı. Hisslərin istismarının restoran biznesindəki konseptual rolu" mövzusunda mühazirə deyəcək. AMKA-nın prezidenti, həmçinin Qırğız-Türk “Manas” Universitetinin tələbələri üçün də mühazirə oxuyacaq.

Səfər çərçivəsində T.Əmiraslanov tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun Bişkek yaxınlığında dəfn edildiyi “Ata-Beyit” tarixi-memorial kompleksinə gedərək yazıçının məzarını ziyarət edib.

azertag.az