Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə II Buktreyler Festivalı iştirakçıları üçün “Kitabı tanıdın, kitabla tanının” mövzusunda ustad dərsləri keçirilib.
Nazirlikdən bildirilib ki, kinoaktyor Ruslan Sabirlinin ideyası ilə reallaşan II Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsidir. Kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişaf etdirilməsidir.
II Buktreyler Festivalı iştirakçıları ilə görüşdə Ruslan Sabirli festivalın cəmiyyətimiz üçün faydasından danışıb, iştirakçıların suallarını cavablandıraraq qaranlıq məqamlara aydınlıq gətirib.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Azərbaycan kinosunun nailiyyətlərində və gələcək planlardan bəhs edib.
Həmçinin, bəstəkar Azər Hacıəsgərli iştirakçılara filmlərdə istifadə olunan musiqinin əhəmiyyətindən və orijinal musiqinin yazılması məsələlərindən danışıb.
Görüşdə iştirak edən Əməkdar İncəsənət xadimləri Elçin Musaoğlu, Elxan Cəfərov və operator Nadir Mehdiyev iştirakçılarla öz təcrübələrini paylaşıb, məsləhətlər verib, onların suallarını cavablandırıblar.
azertag.az