Aprelin 11-də Muzey Mərkəzində gənc rəssam Cəlal Ağayevin IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Yeddi gözəl” adlı sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə rəssamın 60-dan çox əsər nümayiş olunub.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək sərgini yüksək dəyərləndirib. Bildirib ki, sərgilənən əsərlər janrından asılı olmayaraq cəlbedici və təsirlidir, tamaşaçını düşünməyə sövq edir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov C.Ağayevin “İçərişəhər”, “Samovar”, “Mis qablar”, Çarıqlar”, “Kəndin şəcərə ağacı”, “Qara çıraqlar” və digər əsərlərində daha çox qədimiliyi qoruyub saxlamağa çalışdığını, tamaşaçını əfsanəvi bir məkana aparmaq, xəyal dünyasına dəvət etmək istədiyini söyləyib.
Rəssamın daha çox rəngkarlıq və qrafik əsərlərə üstünlük verdiyini bildirən Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev əsərlərin yağlı boya ilə yanaşı, həm də akvarel texnikası ilə işləndiyini söyləyib.
Bildirilib ki, rəssamın yaradıcılığı üçün janr və mövzu məhdudiyyəti yoxdur. O, istedadlı rəngkar olmaqla yanaşı, həm də gözəl qrafikdir. C.Ağayevi başqalarından fərqləndirən başlıca cəhət isə onun sənətdə mövcud olan bütün qiymətli bədii məziyyətlərdən istifadə etməyə çalışmasıdır.
Cəlal Ağayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, ona sərginin ərsəyə gəlməsində köməyini əsirgəməyənlərə təşəkkür edib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
azertag.az