Bakıda tanınmış fransalı rejissorun “Paris” filmi təqdim edilib
12.4.2017

Aprelin 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində Frankofoniya həftələri çərçivəsində fransalı rejissor Sedrik Klapişin “Paris” filmi nümayiş olunub.

Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez çıxış edərək film haqqında fikirlərini bölüşüb.

Vurğulanıb ki, Frankofoniya həftələri çərçivəsində artıq bir neçə tədbirlər təşkil edilib və növbəti tədbirlərə də hazırlıq gedir.

Filmin rejissoru haqında danışan diplomat deyib ki, o, Fransada gənc rejissorlar nəslinin tanınmış nümayəndələrindəndir. Sedrik Klapişinin ekranlaşdırdığı bir neçə film onu qısa zaman kəsiyində təcrübəli rejissor kimi təsdiqləyib. “Paris” filminin də bu qəbildən olduğunu deyən səfir ekran əsəri haqqında iştirakçılara məlumat verib.

Vurğulanıb ki, film Paris sakininin həyatından bəhs edir. Onun qarşılaşdığı vəziyyət həyatda rastlaşdığı insanlara baxışını dəyişir. Bütün insanlar bu şəhərdə və bu filmdə birləşirlər. Onlar üçün bu dünyada ən vacib olan həyatlarıdır. Film müasir filmdir. Həyatı məsələlər bu filmin əsasını təşkil edir.

Qeyd olunub ki, filmdə Fransanın tanınmış aktyorları Fabris Luçini, Romen Duris, Jofre Platel və başqaları iştirak edir.

Sonra film təqdim edilib.

İngilis dilində subtitrlər vasitəsilə göstərilən ekran əsəri maraqla qarşılanıb.

Qeyd edək ki, xronometrajı 1 saat 23 dəqiqə olan ekran əsəri dramatik komediya janrındadır.

azertag.az