2015-2016-cı illərdə dünya iqtisadi böhranının fəsadlarını uğurla aradan qaldıran Azərbaycan əsas diqqəti qeyri-neft sektorunda islahatlara yönəltdi. 2016-cı ildə aparılan islahatlar artıq 2017-ci ilin birinci rübündə müsbət nəticələrini göstərdi.
Cari ilin birinci rübündə Azərbaycanda iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb. Təsadüfi deyil ki, cari ilin ilk 3 ayı ərzində qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artıb, idxal 17 faiz azalıb. Bundan başqa, Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artaraq 38,5 milyard dollar təşkil edib. Ölkənin valyuta ehtiyatları xarici borcu 5 dəfədən çox üstələyir. Bütün bunların nəticəsi olaraq, ölkədə 85 min yeni iş yeri yaradılıb.
Həmçinin 2017-ci ilin birinci rübündə nəqliyyat sektorunda yaxşı nəticələr əldə edilib, Azərbaycandan İrana birinci qatar yola salınıb. Bu il ərzində isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək.
Qeyr-neft sahəsindən danışarkən, turizm sektorunu unutmaq olmaz. Azərbaycanda turizm sektoru, xüsusilə də son vaxtlarda sürətlə inkişaf edir. Buna misal kimi, son 3 ay ərzində ölkəyə 557 min nəfərdən çox turistin gəldiyini (25 faizlik artım) göstərmək olar.
Ümumiyyətlə, ölkənin dinamik inkişafı, şəhərlər və digər yaşayış məkanlarında ən müasir standartlara uyğun quruculuq və abadlıq işlərinin görülməsi, yeni yolların çəkilməsi, müasir turizm infrastrukturunun yaradılması, ölkədə hökm sürən sabitlik və təhlükəsizlik, viza rejiminin sadələşdirilməsi, eləcə də “ASAN viza” sisteminin yaradılması, Azərbaycanın ardıcıl şəkildə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə turizmin inkişafını şərtləndirən amillərdir.
Ötən gün Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qarşıdan gələn dövrdə əsas hədəfləri müəyyənləşdirdi.
Azərbaycanda sənaye istehsalı və kənd təsərrüfatının inkişafı prioritet istiqamət olaraq qalır. İclasda qeyd olundu ki, bu sahədə dövlətin başladığı işlər daha da sürətlənməlidir. Həmçinin ölkədə makroiqtisadi sabitlik təmin olunmalı, məhsulların süni qiymət artımına imkan verilməməlidir.
İclasda sosial sahəyə aid konkret tapşırıqlar da verildi: investisiya proqramları, o cümlədən infrastruktur layihələri (yol, su, qaz, kanalizasiya və s.) 100 faiz icra olunmalı, bölgələrdə məşğulluq artırılmalı, Azərbaycanın 270 kəndinə modul tipli içməli su qurğularının quraşdırılması işi sürətləndirilməlidir və s.
Daim Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasını ön plana çəkən dövlətimizin başçısı bölgələrdə məşğulluğun artırılmasının vacibliyindən, eləcə də özünüməşğulluq sisteminin əhəmiyyətindən danışdı:
“Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir”.
2016-cı ildə qəbul edilmiş qərarlar və görülən işlər nəticəsində bu il ölkənin inşaat sektorunda canlanma müşahidə edilir. Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır. İlham Əliyev bu sahə ilə də bağlı müvafiq tapşırıqlarını verərək bildirdi ki, inşaat sektorunda 2016-cı ilin sonundan başlayan yüksəliş davam etdirilməli, köhnə binaların sökülməsi və yeni binaların inşası pilot layihəsi gücləndirilməli, insanlar rahat mənzillərdə yaşamalı, bu layihə bütün şəhər və rayonları əhatə etməlidir.
Kənd təsərrüfatı sahəsinə gəlincə, dövlətimizin başçısı vurğuladı ki, cari ildə 150 min hektar yeni torpaq sahəsinin suvarılması ilə bağlı başlanmış iş yekunlaşmalıdır. Bundan başqa, kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılmış Pivot Suvarma zavodu, Pestisid zavodu və gələn il inşa ediləcək Azot gübrələri zavodunun tikintisi sürətləndirilməlidir. Kənd təsərrüfatı sahəsində böyük aqrar zonaların və iri fermer təsərrüfatlarının yaradılması işi davam etdirilməli, bu sahəyə nəzarət gücləndirilməlidir. Heç şübhəsiz ki, bu sadalananlar kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir göstərəcək.
Bütün bunları ümumiləşdirərək tam əminliklə söyləmək olar ki, Azərbaycan iqtisadiyyatı cari ildə də artım nümayiş etdirəcək, əhalinin sosial rifahı daha da yaxşılaşacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bu il istədiyi nəticələrə, bütün hədəflərə çatacaq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaq.
trend.az