Avropa Azərbaycan Cəmiyyətinin “Gənc səslər, qədim nəğmə” sənədli filmi Paris festivalında
13.4.2017

Parisin “L’Entrepot” kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin təşkilatçılığı ilə 12-ci “L'Europe autour de l'Europe” kino festivalı çərçivəsində Azərbaycan kinosu gecəsi keçirilib.

TEAS-ın Fransa ofisinin direktoru Mari-Letisiya Qurden tədbiri açaraq artıq 6 ildir festivalla əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, TEAS-ın əsas məqsədi Azərbaycanı Avropada tanıtmaq, insanlar arasında akademik, iqtisadi, xüsusilə də mədəniyyət sahələrində əlaqə yaratmaqdır.

Direktor bu dəfə TEAS-ın 2016-cı ildə istehsal etdiyi və Azərbaycan mədəniyyətinin incisi olan muğamdan bəhs edən “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filminin təqdim ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, öz kökünü Dağlıq Qarabağ regionundan götürən muğam sevinci, qəmi, məhəbbəti ifadə edir. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz etdiyini, ölkə ərazisinin 20 faizini işğal altında saxladığını, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin düşdüyünü diqqətə çatdırıb.

Amerikalı musiqiçi Cefri Verbok tədqiqatları əsasında məcburi köçkün uşaqların muğam ənənəsini necə yaşatdıqlarını göstərib.

TEAS-ın direktoru Lionel Zetter muğamdan və Ermənistan–Azərbaycan münaqişəsinin qurbanları olan azərbaycanlı uşaqlardan bəhs edən belə bir filmi ərsəyə gətirməkləri ilə fəxr etdiklərini bildirib. O, Dağlıq Qarabağ münaqişəsində elan olunan atəşkəsə baxmayaraq, onun hələ də qurbanlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, keçən ilin aprel ayında baş verən dörd günlük müharibə bu münaqişənin tezliklə həll edilməsinin vacibliyindən xəbər verir. TEAS arzu edir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilsin, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtsın və Azərbaycan mədəniyyətinin incisi olan muğam musiqisi öz doğma məkanında yaşasın.

Sonra Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə çəkilən “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmi nümayiş etdirilib. Filmdə Dağlıq Qarabağdan qaçqın düşən uşaqların əsrarəngiz ifaları səslənib. Xalqımızın qədim muğam ənənəsini yaşatdığı, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxdığı, gənc nəslin mədəni irsimizi qoruyub saxladığı öz əskini tapıb. Muğam musiqisinin mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadından bəhs olunub.

Filmdə muğamın beşiyi olan Qarabağın işğalından bəhs edilir. Bu uşaqlar - muğam ifaçıları Ermənistan torpaqlarımızı, Qarabağımızı işğal etməzdən əvvəl həmin ərazilərdə anadan olublar. Filmdə Ermənistan təcavüzünün işğal olunmuş ərazilərdəki mədəni irsə necə mənfi təsir göstərdiyi əks olunur. Tamaşaçıya çatdırılır ki, muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bütün çətinliklərə baxmayaraq, xalqımızın Qarabağın muğam ənənəsini yaşatması və muğamın qorunub saxlanmasına dövlət dəstəyi diqqətə çatdırılır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamın ölkəmizdə və xaricdə tanınmasına verdiyi töhfələr vurğulanır. Bildirilir ki, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan 54 dəqiqəlik film Azərbaycan, ingilis və fransız dillərində titrlərlə verilib.

Filmin nümayişindən sonra Cefri Verbok dərbəndli Zevulon Avşalomobla rastlaşmasından, onun sayəsində muğamı və kamançanın ecazkar səsini kəşf etməsindən bəhs edib. Ölkəmizə ilk dəfə məhz muğam musiqisini öyrənmək məqsədilə gəldiyini bildirib. Azərbaycanda məcburi köçkün düşərgələrində ağır həyat şəraitinə baxmayaraq, uşaqların ifasına heyran olduğunu söyləyib. Həmin düşərgədə uşaqlardan birinin Vətən haqqında mahnı oxuyarkən kövrəlməsindən təsirləndiyini qeyd edib.

Tamaşaçılara Cefri Verboka onları maraqlandıran sualla müraciət etmək imkanı verilsə də, onlar ilk növbədə emosiyalarını bölüşüblər, filmdən çox təsirləndiklərini və belə bir vəziyyətdən xəbərsiz olduqlarını bildiriblər.

Musiqişünaslar muğamla bağlı suallar veriblər. Xüsusilə də əvvəllər Qərb musiqisi sahəsində çalışan bəstəkarın necə muğama üz tutması ilə maraqlanıblar.

Cefri Verbok kamançada Azərbaycan muğamından bir parça ifa edib.

TEAS-ın direktoru Lionel Zetter AZƏRTAC-a bildirib ki, film uzun müddətə ərsəyə gəlib. Filmdə Cefrinin Azərbaycana, onun xalqına, muğama olan sevgisi öz əksini tapır. Film dünya ictimaiyyətinə geniş məlumat verəcək, ecazkar muğam musiqisini tanıdacaq, azərbaycanlıların necə gözəl, istiqanlı bir xalq olduğunu göstərəcək. Ekran əsəri Azərbaycanın beynəlxalq aləmə açıq olduğunu nümayiş etdirəcək. Eyni zamanda, Azərbaycan ərazilərinin 25 ildir işğal altında olmasını beynəlxalq ictimaiyyətə çatdıracaq. Filmdə insanların üzündə, səsində xoşbəxtlik duyulur. Onların bu gün həyat şəraiti yaxşıdır, amma buna baxmayaraq onlar öz doğma torpaqlarına qayırmaq istəyirlər.

Cefri Verbok müsahibəsində Azərbaycana ərazi bütövlüyünü bərpa etməsini, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasını, qaçqın və məcburi köçkünlərin tezliklə doğma evlərinə qayıtmasını, Azərbaycanın muğam mədəniyyətinin əbədi yaşamasını arzulayıb. O, Azərbaycan dövlətinə muğamın qorunub saxlanmasına, muğam müsabiqələrinin təşkilində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

azertag.az