Xalq Artisti tələbələrlə görüşüb
13.4.2017

Aprelin 12-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin (İB) təşəbbüsü ilə “Unudulmaz teatr və kino xadimlərimiz” adlı layihə çərçivəsində Xalq Artisti Elxan Qasımovla Bakı Dövlət Universitetinin tələbələrinin görüşü keçirilib.

Kitabxananın direktoru Tahir Sadıqov görkəmli sənətkarın Azərbaycan kino sənətinə verdiyi töhfələrdən söhbət açıb. Onun çəkildiyi və çəkilişində zəhməti keçən “Əhməd haradadır?”, “İstintaq davam edir”, “Ürək-ürək”, “İşarəni dənizdən gözləyin” və digər bədii, sənədli filmlərdəki əməyindən “Mozalan” satirik süjetlərindəki ibrətamiz, maarifləndirici obrazlarından söz açıb.

Tədbirdə aktyorun çəkildiyi “Əhməd haradadır?” filmindən fraqmentlər göstərilib.

İB-nin sədri Tofiq Əlizadə, Əməkdar Jurnalist, professor Aqşin Babayev, şairlər Oqtay Rza, Zərəngiz Qayalı, Zakir Ağdamlı və başqaları Azərbaycan kinosunun bənzərsiz simalarından olan, yaddaşlarda “Şofer Əhməd” kimi əbədiləşən, gənclik şövqü ilə yaşayıb-yaradan sənətkarın bu gün gənclərə örnək olduğunu bildiriblər.

Ömrünün 54 ilini bu sənətdə keçirdiyini fəxrlə qeyd edən E.Qasımov öz həyat və sənət yolundan danışıb. Bu yolda ona dəstək olan müqtədir sənətkarlarımız, Xalq artistləri - Adil İsgəndərov, Lütfəli Abdullayev, Həsən Turabov və digər korifeylərin adlarını məmnuniyyətlə çəkərək, sənətin sirlərini onlardan öyrəndiyini qeyd edib. Hər zaman Azərbaycan kinosunun maarifləndirici xarakter daşıdığını bildirib.

Tələbələrin suallarını cavablandıran sənətkar onlara hər zaman mütaliə etməyi məsləhət görüb.

azertag.az