Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “M.Rostropoviç bakılıların xatirəsində” adlı tədbir keçirilib.
Bu il Prezident İlham Əliyev dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq Artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Rostropoviçin anadan olmasının 90 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu tədbir də M.Rostropoviçin 90 illik yubileyi çərçivəsində təşkil olunub.
Əvvəlcə qonaqlara muzeyin zəngin fondunda saxlanılan M.Rostropoviçə həsr edilmiş sənədli filmlərdən fraqmentlər təqdim olunub.
Muzeyin direktoru Şeyla Heydərova onun Bakı və bakılılarla doğmalığından söhbət açıb. Natiq Mstislav Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu evdə musiqi xadimləri, dövrünün tanınmış ziyalıları ilə keçirdiyi görüşlərdən, ustad dərslərindən, dövlət tədbirlərində etdiyi çıxışlardan danışıb.
Mədəniyyət və turizm nazirliyinin əməkdaşı İsa Məmmədov, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Aksana Orlova, bakılı musiqiçilər - Kamal Paşazadə, Rəcəb Rəfiyev və başqaları onun əvəzolunmaz violonçel ifaçısı və dirijor olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi olduğunu söyləyiblər. XX əsrin ən istedadlı violonçel ifaçılarından biri sayılan dahi həmyerlimizin gənclərə xüsusilə, gənc bəstəkarlara böyük qayğısını yada salıblar.
Sonda Xalq Artisti, məşhur violonçel ifaçısı Rasim Abdullayev konsert proqramı ilə çıxış edib.
azertag.az