Azərbaycan Milli İncəsənət Muzeyində “Tvinninq” layihəsi çərçivəsində mədəniyyət sektoru işçiləri üçün “Layihə dövrünün idarə edilməsi” mövzusunda təlim kurslarına başlanılıb. Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi təlim dörd gün davam edəcək.
Nazirlikdən bildirilib ki, təlimin keçirilməsində məqsəd mədəniyyət sektoruna dair layihələr üçün maliyyələşmə imkanları, eləcə də beynəlxalq donorlara təqdim olunması üçün layihə təkliflərinin hazırlanmasına dair zəruri bilikləri təmin etməkdir.
Təlim İtaliyanın “Confservizi CİSPEL” regional assosiasiyasının beynəlxalq fəaliyyətlər üzrə təcrübəli əməkdaşları - Marko Simonçini və Massimo Gacci tərəfindən ingilis dilində keçirilir. Təlimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri ilə yanaşı, Milli Turizm Təbliği Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Milli Teatr Muzeyi, İstiqlaliyyət Muzeyi, Teatr Təlim Mərkəzi, Dövlət “Yuğ” Teatrı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Qala Dövlət Tarixi-Etnoqrafik Qoruğundan nümayəndələr iştirak edir.
Qeyd edək ki, təlimin üç günü nəzəri biliklərə və müxtəlif təlimat sənədlərinə həsr olunacaq. Sonuncu gün isə iştirakçılar qruplar şəklində donorlara təqdim olunması üçün sınaq layihə təklifi hazırlayacaq və onu auditoriya qarşısında təqdim edəcəklər. Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.
azertag.az