Kukla Teatrının səhnəsində yeni premyera
13.4.2017

Mütəmadi balaca tamaşaçılarını fərqli səhnə nümunələri ilə sevindirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir tamaşanın premyerasına hazırlaşır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, balaca tamaşaçılar aprelin 23-də özünün tam yeni səhnə həllini tapmış “Turp” tamaşasını izləyə biləcəklər.

Yaradıcı heyət məşhur rus xalq nağılı “Turp”a müraciət etməklə onu fərqli və daha dinamik səhnə yozumunda tamaşaçılarla görüşdürəcək. Məşqləri yekunlaşmaq üzrə olan tamaşa daha çox aşağı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulduğundan burada musiqi nömrələrinin də say sırası genişləndirilib. Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Belə ki, balacalar bu tamaşada nağılda qeyd olunan qəhrəmanlarla yanaşı, üç yeni obrazı – Müqəvva, Qarğa və Siçanın atasını görəcəklər.

“Güc birlikdədir” ideyasını əsas götürən tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Vizual elementlər və rəngarəng musiqilərlə zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar Artist Vüqar Camalzadədir.

Müxtəlif kukla texnikalarında hazırlanan birhissəli uşaq tamaşasında əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Cavid Telman, Aygül Ağayeva, Nərmin Əhmədova, Samirə Nəcəfova, Vüsal Hüseynov, Elnur Əliyev və Firuzə Nəsibli ifa edirlər.

azertag.az