Aprelin 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “hava ilanları” adlı festival təşkil edib.
ADU-dan bildiriliblər ki, Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çin bayramlarında “uçan əjdahalar”ın meydana gəlməsinin tarixindən, həmçinin hər il bu ölkənin Veyfan şəhərində keçirilən “hava ilanları” beynəlxalq festivalının ənənə və qaydalarından söz açıb.
İnstitutun əməkdaşları festivalın qalibinə “kağız ilan kralı” titulunun verildiyi müsabiqə proqramı, “kağız ilanlar”ın hazırlanması və formaları, Çində bütün bəlalar və mənfi düşüncənin aradan qalxmasını simvolizə edən “hava ilanları”nın səmaya buraxılması ilə bağlı əfsanələr danışıblar.
Tədbir çərçivəsində “hava ilanları”nın hazırlanması və təsviri üzrə ustad dərsi keçirilib, eləcə də festival və Çinin kağız ilanlar muzeyi haqqında filmlər nümayiş olunub.
azertag.az