12 aprel "Kosmonavtika günü"nə həsr olunmuş müsabiqə keçirilib
13.4.2017

Aprelin 12-də Təhsil Nazirliyinin Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə əməkdaşlığı və təşkilatçılığı ilə Bakı şəhər məktəbliləri arasında II “Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.

Dünyada “Kosmos Günü” kimi tanınan bu tədbirin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Müsabiqədə Bakı şəhəri üzrə fəaliyyət göstərən 200 nəfərdən olan “Ekoklub”ların üzvləri və orta ümumtəhsil məktəblərinin şagirdlərinin hazırlayacaqları kosmik robot və peyklərin quraşdırma modelləri, “yad planetlilər”in maskaları, kosmosa aid fantastik bədii və ya cizgi filmlərinin qəhrəmanlarına həsr olunmuş rəsmlər, plastilindən hazırlanmış kosmik “bədheybətlər” in fiqurları nümayiş etdirililib.

4 nominasiya üzrə yaradıcılıq işlərinə baxış keçirilib, qaliblər müəyyənləşdirilib. Uğurlu çıxışların sonunda gənc tədqiqatçılar diplom və sertifikatlara layiq görülüblər. Bütün iştirakçılara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.

Müsabiqənin açılış mərasimində Təhsil Nazirliyinin Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin "Cücələrim" ansamblı istirak edib.

trend