Timur Əsgərov ingilis xoreoqrafın baletində çıxış edəcək
14.4.2017

Aprelin 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında ingilis xoreoqrafı Ueyn Makqreqorun “İnfra” baleti nümayiş olunacaq.

Teatrın saytına istinadla xəbər verilir ki, “Mariya-2” səhnəsində təqdim olunacaq baletdə həmvətənimiz Timur Əsgərov da çıxış edəcək.

Bu baletin dünya premyerası 2008-ci il noyabrın 13-də London Kral Opera Teatrında olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il fevralın 24-də nümayiş etdirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

azertag.az