Fransız aktyoru Molyerin “Xəsis” əsərini solo formada təqdim edib
14.4.2017

Bakıda keçirilən Frankofoniya həftələri çərçivəsində Molyerin “Xəsis” əsəri nümayiş olunub. Tamaşanı fransız aktyoru Feliks Libris solo formada təqdim edib.

Tamaşadan əvvəl jurnalistlərin suallarını cavablandıran Feliks Libris hazırladıqları fərqli tamaşa və ifası ilə bağlı fikirlərini bölüşüb: “Mənim bu gün təqdim edəcəyim əsər yeni və sadə formadadır. Bu, sadəcə olaraq bir nəfərin ifasında canlandırılan bir saatlıq teatr əsəridir. Biz də təəccübləndik ki, belə sadə forma nə Fransada, nə Azərbaycanda, inanıram ki, nə də dünyada hələ mövcud deyil. Burada çətinlik formada deyil, bunu reallaşdırmaq tərzindədir. Belə ki, eyni vaxtda bir-birinin ardınca bütün personajları canlandırmaq böyük çətinlik yaradır. Əsərin sirri ondadır ki, siz səhnədə yalnız bir aktyor görəcəksiniz, lakin bütün personajları, bütün dekorasiyaları xəyalınızda canlandıracaqsınız. Bir aktyorun ifasında oynanılan əsər formaları mövcuddur. Amma burada o, əsərin fərqli hissələrini müxtəlif yerlərdə, müxtəlif geyimlərdə, müxtəlif dekorasiyalarda ifa edir. Amma bizim təqdim etdiyimiz bu əsərdə aktyor yalnız bir kostyumda olacaq və o, müxtəlif personajları yalnız səsi vasitəsilə canlandıracaq. Əsər təqdim etmək istəyən şəxslər üçün belə formalar iqtisadi baxımdan da sərfəlidir. Belə ki, ona əsəri ifa etmək üçün 6-7 aktyor deyil, yalnız bir nəfər lazımdır”.

Daha sonra tamaşa təqdim edilib.

azertag.az