Türkiyədə yaşayan həmvətənimiz, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanovun “Canqar” adlı tərcümə kitabı Bakıda işıq üzü görüb.
“Şur” nəşriyyatında çap edilmiş,12 boydan ibarət, 396 səhifəlik kitab müəllifin oxucularla 41-ci görüşüdür.
Müəllif “Kalmık xalqının qəhrəmanlıq dastanı “Canqar”da türk mənşəli ünsürlər” sərlövhəli “Ön söz”ündə yazır: “Xatırlatmaq lazımdır ki, hər bir xalq böyük və kiçikliyindən asılı olmayaraq son dərəcə mükəmməl maddi və mənəvi dəyərlər olan monumental dastan mədəniyyətini yarada bilmişdir. Müasir mərhələdə bu qəbildən olan nümunələrin araşdırılması və öyrənilməsi, milli mədəniyyəti zənginləşdirməsi kimi məsələlər haqlı olaraq mütəxəssisləri və ilk öncə mədəniyyət xadimlərini, folklorşünasları ciddi surətdə məşğul etməkdədir… Türk soylu xalqların dastan yaradıcılığı da olduqca zəngin və inkişaf etmiş olub, dünya mədəniyyət tarixinə daxil ola bilmişdir. “Ergenekon”, “Manas”, “Kitabi Dədə-Qorqud”, “Koroğlu” kimi böyük həcmli və möhtəşəm dastanlarımızın bütün dünyada belə şöhrət qazanması inkaredilməz bir gerçəklikdir”.
Kitabın redaktoru və naşiri, şair Musa Ələkbərli, elmi redaktoru filologiya elmləri doktoru Mahmud Allahmanlıdır.
Qeyd edək ki, aprelin 26-dan 28-dək Türkiyədə keçiriləcək IV Beynəlxalq Türk Dünyası Simpoziumunda professor Babək Qurbanovun məruzəsi məhz “Canqar” dastanına həsr edilib.
azertag.az