Aprelin 14-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər kuboku” layihəsinin açılış mərasimi olub.
“Gənclər kuboku” layihəsi IV İslam Həmrəylik Oyunlarına dəstək məqsədilə həyata keçirilir.
Gənclərin idman sahəsində marağı və təşəbbüsləri nəzərə alınaraq reallaşdırılan layihənin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək ölkəmizdə keçirilən mötəbər yarışların Azərbaycan gəncliyi üçün də əhəmiyyətindən danışıblar.
Sonra püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən seçilən komandalar aprelin 15-dən etibarən hər həftə sonu layihəni əhatə edəcək futbol, basketbol, voleybol, şahmat, səmti müəyyən etmə, yüngül atletika, stolüstü tennis, üzgüçülük, atıcılıq, velosiped idman növləri üzrə yarışacaqlar.
azertag.az