Tibb Universitetində Uşaq psixi sağlamlıq və inkişaf mərkəzi açılıb
14.4.2017

Uşaqlar arasında inkişaf problemləri və autizm spektr pozulmalarının rastgəlmə tezliyinin artmasını və bu xəstəliyin erkən diaqnostikası son illər həmin məsələyə yeni münasibət tələb edir. Bunu nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Uşaq sağlamlıq və inkişaf mərkəzi açılıb. Bu barədə universitetin mətbuat xidmətindən xəbər verilib.

Yeni fəaliyyətə başlayan mərkəzin rəhbəri Nigar Sədiyeva fəaliyyətlərinin təkcə klinik deyil, elmi və tədris sahədə də olacağını bildirib: “Mərkəzdə uşaqların inkişaf problemləri, pediatrik və psixi xəstəliklərin erkən diaqnostikası və müalicəsi həyata keçirilir. Mərkəz ölkədə xüsusilə, neyroinkişaf problemlərinə multidisiplinar yanaşmanı təmin etməyi qarşıya məqsəd qoyur və tədris prosesi ilə yanaşı, elmi əsaslar üzərində fəaliyyət göstərməyi, digər ölkələrdəki analoji mərkəzlərlə əməkdaşlıq edəcək və beynəlxalq təcrübənin qabaqcıl nümunələrini tətbiq edəcək”.

Onun dediyinə görə, mərkəzin üç həkimi ABŞ-da təhsil alıb və inkişaf pediatriyası bölmələrində ixtisasartırma kursları keçib.

Qeyd edək ki, mərkəz dörd nəfərlik həkim briqadasından və həkim rezidentlərdən ibarətdir. Həkim briqadasına Tibb Universitetinin əməkdaşları-psixiatr İkram Rüstəmov, pediatr Nigar Sədiyeva, assistent Nərmin Quliyeva və uşaq nevroloqu Rima İbadova daxildir.

azertag.az