“Konservatoriya” jurnalının veb-saytı istifadəyə verilib
14.4.2017

Azərbaycan Milli Konservatoriyasında (AMK) “Konservatoriya” elmi jurnalının veb-saytının (konservatoriya.az) təqdimatı olub.

Milli Konservatoriyadan bildirilib ki, oxucular musiqişünaslıq elminə aid olan hər bir məlumatı yeni sayt vasitəsilə əldə edə biləcəklər. Eyni zamanda, dünyada yenilənən elmi nailiyyətləri də oxucuların diqqətinə çatdıracaq sayt bundan sonra musiqiyə yaradıcı baxışı böyük kütləyə təqdim etmək üçün fəaliyyət göstərəcək.

Tədbirdə jurnalın baş redaktoru və AMK-nın professoru Lalə Hüseynova çıxış edərək nəşrin tarixi barədə məlumat verib. Sayt üzərində bir ildən çoxdur çalışıldığını deyən L.Hüseynova internet resursunun əhəmiyyətindən söz açıb. “Sayt vasitəsi ilə elmi məqalələrimiz daha böyük kütləyə çatdırılacaq və saytın fəaliyyəti məsuliyyətimizi daha da artıracaq. Buna görə də, musiqi sahəsində çalışan bütün elm insanlarını, müəllimləri və tələbələri daha fəal əməkdaşlığa çağırıram”, - deyə jurnalın baş redaktoru bildirib.

Jurnalın redaktoru və saytın veb-dizayneri Gülnarə Manafova saytın quruluşu və xidmətləri barədə danışıb.

Tədbirdə, Xalq Artisti, rektor Siyavuş Kərimi redaksiya heyətini təbrik edərək bu hadisənin Konservatoriya tarixində və musiqi elminin inkişafında çox vacib addımlardan biri olduğunu söyləyib.

azertag.az