SSRİ xalq artisti Fatma Qədrinin anım mərasimi keçirilib
14.4.2017

Akademik Milli Dram Teatrının kollektivi və teatr xadimləri I Fəxri xiyabanda SSRİ xalq artisti Fatma Qədrinin məzarını ziyarət edib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım mərasimində çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemətov F.Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onu milli teatr səhnəsinin korifey sənətkarlarından biri kimi qiymətləndirib: “Azərbaycan teatr sənətinin inkişafında, səhnəmizin ifadə imkanlarının genişlənməyində Fatma xanımın çox böyük xidmətləri olub. Fatma Qədri bizim ailənin yaxın dostu olub, mən Fatma xanımı həmişə hörmət və ehtiramla xatırlamışam. Fatma Qədri Akademik Milli Dram Teatrının səhnəsində hər zaman baş rollarda çıxış edib, onun yaratdığı obrazlar tamaşaçılar tərəfindən böyük məhəbbətlə qarşılanıb”.
Anım tədbirində xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov F.Qədrinin həyat və yaradıcılığı haqqında məlumat verib, onun həyatındakı maraqlı hadisələri mərasim iştirakçıları ilə bölüşüblər.
Tədbir iştirakçıları daha sonra Fəxri xiyabanda dəfn olunan digər sənət xadimləri – Şövkət Məmmədova, Bəşir Səfəroğlu, Mustafa Mərdanov, Mirzağa Əliyev, Ələsgər Ələkbərov və digərlərinin məzarını ziyarət edib, abidələri üstünə gül dəstələri düzüblər.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, Azərbaycan teatr səhnəsinin ilk peşəkar aktrisalarından olan F.Qədri 1906-cı ilin aprelin 14-də Qərbi Rusiyanın Odessa şəhərində doğulub.Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən F.Qədiri Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. O, səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları yaradıb.
1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Əsas rolları: Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərib.
F.Qədri 1968-ci ildə 62 yaşında Bakıda vəfat edib.


report.az