Bu ilin I rübündə 1226 nəfər peşə hazırlığına cəlb olunub
14.4.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin ilk rübündə 1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən Şuşa rayon bir sıra orta məktəblərinin yuxarı sinif şagirdlərinin və valideynlərinin iştirakı ilə “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda keçirilən peşəyönümü tədbirində məlumat verilib.

Şuşa rayon 1 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə Şuşa rayon İH-nin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və digər qurumların nümayəndələri də iştirak edib. Tədbirdə Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova əmək bazarına daxil olmağa hazırlaşan gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, əmək bazarının tənzimlənməsində, peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçiminin vacib amillərdən olduğunu, peşəyönümü tədbirlərinin də bu məqsədə yönəldiyini qeyd edib.

Bildirilib ki, bununla bağlı olaraq, gənclər, xüsusən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında mütəmadi olaraq peşəyönümü tədbirləri təşkil edilir. Onların peşə meyilləri öyrənilir, gələcəkdə əmək bazarına fəal şəkildə inteqrasiya edə bilmələri üçün onlara zəruri məlumatlar, məsləhətlər verilir. Əksər hallarda gənclərin peşə və ixtisas seçimində onların valideynləri də mühüm rola malik olur. Bu amil nəzərə alınaraq peşəyönümü tədbirlərinə gənclərlə bərabər, onların valideynləri də cəlb edilir. Hazırkı tədbirdə də valideynlərin fəal iştirakı təmin olunub. Bu tədbir Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən müvafiq qrafik əsasında məktəblərdə keçirilən artıq 9-cu tədbirdir.

Tədbirdə ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gəncləri, onların valideynlərini ətraflı məlumatlandırıblar. Məşğulluq xidmətləri, peşə hazırlığı və əlavə təhsil kursları, aktiv məşğulluq tədbirləri haqqında geniş məlumatlar, peşəyönümü məsləhətləri verilib. Tədbirdə yuxarı sinif şagirdləri və valideynlərinin aidiyyəti mövzuda sualları da cavablandırılıb, onlara məşğulluq xidmətləri, peşə hazırlığı, peşəyönümü, digər aktiv məşğulluq tədbirləri barədə məlumatların əks olunduğu çap materialları, həmçinin “Düzgün ixtisas seçimində valideynlərin rolu”, “Peşəyönümü işinin xüsusiyyətləri” adlı bukletlər təqdim edilib.

trend