Bakı məktəblərində Danışıq Klubları fəaliyyətə başladı
14.4.2017

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 60 ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyətə başlayıb.

İdarədən verilən məlumata görə, ingilis dilində Danışıq Klublarının yaradılmasında məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdır.

İctimai əsaslarla məktəb daxilində fəaliyyət göstərən danışıq klublarında I-XI sinif şagirdləri könüllü iştirak edirlər.

Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtdakı pilot məktəblərin İngilis dili müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerika səfirliyinin birgə əməkdalığı çərçivəsində həyata keçirilən “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində təlimlərə cəlb olunub.

Fəaliyyətdə olan Danışıq Klublarını təlimləri müvəffəqiyyətlə tamamlamış dil müəllimləri idarə edir.

Klub dərsləri layihə koordinatorları tərəfindən müşahidə edilir və dərslərin sonunda rəy verilir.

trend