Aprelin 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı işğal altında olan tarixi, mədəni abidələrin fotosərgisi açılıb.
Baş İdarədən bildirilib ki, fotosərgi 18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər gününə həsr olunub.
Tədbirdə mədəniyyət evinin direktoru Cabbar Süleymanov çıxış edərək Qarabağda işğal edilmiş ərazilərdə erməni təcavüzkarlarının vandalizmi və qarətçiliyi nəticəsində 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbinin dağıdılması haqqında məlumat verib.
Bildirilib ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də xaricində həyata keçirilən layihələr hər kəs üçün ən gözəl örnəkdir.
Sərgidə Qarabağın bəzi qədim tarixi mədəni abidələrinin işğaldan əvvəl və sonrakı vəziyyətləri fotoşəkillərlə nümayiş olunub. Həmçinin sərgidə işğal altında olan tarixi, mədəni abidələrimizin bukleti tədbir iştirakçılarına paylanılıb.
azertag.az