Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Şəkinin turist xəritəsi hazırlanıb.
Nazirlikdən bildirilib ki, Şəki rayonuna səyahət edən turistlər bu xəritə vasitəsi ilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
Bu xəritənin köməkliyi ilə Şəkinin məşhur görməli yerləri – Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaray, Kiş məbədi və digər məkanlar barədə məlumatlar almaq mümkündür.
Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Şəkidə fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Gəncə, Masallı, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.
azertag.az