Oncallı kəndinin Oğuz qəbiristanlığında dəfn olunan Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarları həmin qəbirsitanlığı ziyarətgaha çevirib.
Anadolu türkcəsində yazan Şeyx Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonunun Oncallı kəndində çox sevilir.
Söylənilir ki, Yunus Əmrə bir neçə nəfərlə Anadoludan səfərə çıxıb və Qaxda yaşayıb-yaratmağı qərara alıb. 2010-cu ildə Türkiyənin o vaxtki prezidenti Abdullah Gül də məzarı ziyarət etmək üçün bura səfər edib.
Yunus Əmrə və mürşidi Hacı Tapdıq Oncallı kəndində fəaliyyət göstərdikləri dövrlərdə nüfuz sahibi olub, hər kəs tərəfindən hörmət qazanıblar. Onlar sanki öləcəklərini əvvəlcədən bilirdilər. Oncallı kəndində xəstəlik yayılır və insanların kütləvi qırılması baş verir. Bunu görən Yunus Əmrə və mürşidi məzarlıqda yerin qalmayacağın görərək, əvvəlcədən özlərinə yer seçirlər.
Onu qeyd edək ki, Türkiyə Mədəniyyət Nazirliyinin müşaviri Feyzulla Budaqlı Qaxda olarkən Oncallıdakı qəbiristanlığa getmiş, Yunus Əmrə və Hacı Tapdığın qəbirlərini gördükdə heyrətlə demişdi: "Türkiyədə Yunus Əmrəyə istinad edilən qəbirlərin sayı bəlkə də 20-dən çoxdur. Lakin Türkiyədəki həmin 22 qəbrin heç birinin yaxınlığında əfsanələrin, rəvayətlərin təsdiqi olaraq Tapdıq babanın qəbri yoxdur. Deməli, məşhur el şairinin qəbrinin yeri barədə söylənilən ehtimalların ən ağıla batanı Qaxın Oncallı kəndidir".
axar.az