Bir neçə gündür Salyanda istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb. Ötən ilin dekabr ayında əkilən pomidor bitkisinin məhsulu artıq aprelin ikinci ongünlüyündən etibarən yığılır.
Yığım kampaniyasına ilk olaraq rayonun Qaraçalar və Qarabağlı kəndlərində başlanılıb. Bu yaşayış məntəqələrində bu il 150 hektara yaxın istixana kompleksi yaradılıb. Bu mövsüm fermerlər “Orletta” pomidor növünə daha çox üstünlük veriblər. Bu növ pomidor bitkisi həm yerli şəraitə tez uyğunlaşır, həm də məhsuldarlığı ilə fərqlənir. Yetişdirilmiş məhsulun 90 faizindən çoxu Rusiya bazarlarına göndərilir. Bu ölkəyə ixrac olunan məhsulun qiyməti də təsərrüfat sahiblərini qane edir.
Dövlətimizin məhsul istehsalçılarına göstərdiyi hərtərəfli güzəştlərdən yararlanan salyanlı fermerlər bu il xarici bazarlara min tonlarla pomidor məhsulu çıxartmaqla ölkəmizə daha çox gəlir gətirmək niyyətindədirlər.
azertag.az