“SOCAR Polymer” MMC-nin nümayəndələri Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələrinin iştirakı ilə “2017-ci il Yay təcrübə proqramı”nın təqdimatını keçirib.
SDU-nun mətbuat xidmətindən bildirilib ki, görüşdə universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov ali məktəbin inkişaf mərhələlərindən danışaraq, müasir dövrdə milli təhsilin Avropa təhsilinə inteqrasiyası, dünya standartlarına uyğunluğu, savadlı insan kapitalının hazırlanması istiqamətində ali məktəbin müvafiq müəssisələrlə birgə fəaliyyətinin vacibliyini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında yeni iş yerlərinin yaradılması ilə işsizliyin səviyyəsinin daha da azaldılmasına xüsusi önəm verilir. Bu gün nəinki paytaxt Bakıda, habelə bütün bölgələrimizdə böyük canlanma gedir.
Qeyd olunub ki, ixtisaslı kadrların hazırlanması məqsədi ilə SDU-nun bir çox müəssisələri səmərəli tədris əlaqələrinə malikdir və tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi üçün onlar ölkəmizin bir sıra idarə və istehsalat müəssisələrinə, həmçinin “Azərikimya” İB-nin təşəbbüsü ilə Türkiyənin “Petkim” Petrokimya Holdinqinə istehsalat təcrübəsinə göndərilib.
Sonra “SOCAR Polymer” MMC-nin nümayəndələri Aylar Mustafayeva, Nərgiz Səlimova, Mətin Hüseynli təmsil etdikləri müəssisə haqqında məlumat verərək bildiriblər ki, gənclərin təhsil səviyyəsi ilbəil artır. Son illər SOCAR-a işlə təmin olunmaq üçün gənclər daha çox müraciət edirlər. Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, “Azərikimya” İB-də də gənc mütəxəssislərin hazırlanması, yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzində saxlanılır. Kadr resurslarının gəncləşdirilməsi artıq bir tendensiyaya çevrilib və davamlı xarakter daşıyır.
“SOCAR Polymer” MMC-nin təlim və inkişaf üzrə mütəxəssisi Afaq İsmayılova “Yay təcrübə proqramı”nın qəbul qaydaları haqqında təqdimatla çıxış edib. Qeyd olunub ki, layihəyə iyun ayında start veriləcək. Təcrübə yerli və xarici mütəxəssis tərəfindən aparılacaq. Proqramı uğurla bitirən tələbələr sertifikatla təltif olunacaqlar.
Tədbirin sonunda tələbə və məzunları maraqlandıran suallar cavablandırılıb.
azertag.az