Aprelin 19-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar İncəsənət Xadimi Fikrət Əliyevin xatirə gecəsi keçirilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Əvvəlcə qonaqlar görkəmli kinorejissorun həyat və yaradıcılığına həsr olunmuş fotosərgiyə baxıblar. Daha sonra sənətkarın ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Xalq artistləri Xamis Muradov, Şamil Süleymanlı, Əməkdar İncəsənət xadimləri Cəmil Quliyev, Elxan Qasımov, Kənan Məmmədov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və başqaları çıxış edərək görkəmli kinorejissorun həyat və yaradıcılığından söhbət açaraq xatirələrini bölüşüblər.
Bildirilib ki, Fikrət Əliyev rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayıb. O, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərin rejissoru olub, “Dəli Kür” filmində Şamxal obrazını yaradıb. İstedadlı kinorejissorun yaradıcılıq filmoqrafiyasında 30-a yaxın film var. Bunların içərisində onun aktyor kimi çəkildiyi ekran əsərləri, kinorejissor kimi çəkdiyi sənədli və bədii filmləri də yer alıb.
Vurğulanıb ki, o, kinorejissor Hüseyn Mehdiyevlə birlikdə “Qoca palıdın nağılı” filminə quruluş verib. Kino karyerasına aktyor kimi başlayan, 3 filmdə rol alan Fikrət Əliyev sonralar rejissorluq fəaliyyətində 1 filmdə rejissor assistenti kimi çalışıb, 5 bədii filmdə ikinci rejissor kimi işləyib, 2 sənədli film çəkib. 13 mozalan, 1 qısametrajlı bədii, 5 tammetrajlı bədii filmə müstəqil rejissor kimi quruluş verib.
Düşüncələrini ekranlara köçürən, maraqlı və məzmunlu filmləri ilə tamaşaçıların sevgisini qazanan kinorejissor ekran əsərlərində həmişə, müasirlərinin həyatından, onların cəmiyyətdəki rolundan, ətraf mühitə olan münasibətindən bəhs edib. Buna görə də o, müraciət etdiyi hər bir əsərə diqqət və ehtiyatla yanaşar, zəhmətkeş, əməksevər insanların həyat mövqeyini sadə, xalq dilində ekranlaşdırardı.
Kinonu həyatının mənasına çevirən rejissor fərqli baxışını, düşüncələrini sevib seçdiyi sənətinə yönəldib. Kinoda rahatlıq tapıb, arzularını burada gerçəkləşdirib. Ömrünün 76-cı baharında, 2016-cı ilin martın 8-də dünyasını dəyişib.
Tədbirdə kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunub.
azertag.az