Zərdab pambıqçıları cari mövsümdə 3100 hektar sahədə çiyid səpini aparacaqlar
20.4.2017

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, aqrar sektorda islahatlarla bağlı verdiyi tapşırıqlar Zərdab rayonunun iqtisadi həyatında ciddi dönüş yaradıb. Təsadüfi deyil ki, ötən ildən etibarən vaxtilə ənənəvi sahə olan pambıqçılığın inkişafı bölgədə prioritet məsələyə çevrilib.

Rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə 3100 hektar sahədə pambıq əkini nəzərdə tutulub. Artıq 3178 hektar sahə əkinə hazırlanıb. Pambıq istehsalı ilə əlaqədar 458 istehsalçı ilə “MKT İK” MMC və “Zərdab–pambıq” ATSC arasında müqavilə bağlanıb.

Ciddi hazırlıqdan sonra rayonda çiyid səpininə başlanıb və qısa vaxtda min hektaradək sahədə əkin aparılıb. Əkin sahələrinə 30-dan çox texnika, o cümlədən 14 səpin aqreqatı çıxarılıb. Rayonun daha çox əkin aparılacaq Körpükənd, Bəyimli, Çallı, Alıcanlı və digər ərazi vahidlərində mütəşəkkil işlər davam edir.

Rayonda çiyid səpininin optimal müddətdə və keyfiyyətlə başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

azertag.az