AMEA bu 7 şəxsə 5 min mükafat verəcək
20.4.2017

AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub.

AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında 7 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.

Beləliklə, fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Allahverdiyev A3 B6 laylı kristalların fizikası və Non-Lineer xüsusiyyətlərinin lazerlərdə istifadəsi, həmçinin Lidar və tətbiqləri sahəsindəki elmi nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına, akademik Məhərrəm Babayev Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası, mühafizəsi və təsnifatı üzrə silsilə monoqrafiyaların nəşrinə görə AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin musiqi irsinin tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, AMEA-nın müxbir üzvü Zakir Qarayev dərin mikozların törətdiyi xəstəliklərin müalicə və diaqnostikasındakı elmi nailiyyətlərinə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına, akademik Vaqif Fərzəliyev yüksək keyfiyyətli aşqarların və sürtkü materiallarının yaradılması sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi elmi nəticələrə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına, akademik Vasif Babazadə Azərbaycanın mineral-xammal resurslarının öyrənilməsində fundamental tədqiqatlara görə AMEA-nın akademik Musa Əliyev adına, tarix üzrə elmlər doktoru Əli Rəcəbli isə Azərbaycan numizmatik irsinin elmi tədqiqi və təbliğindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatlarına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.

Adlı mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 15 fevral 2017-ci il tarixli qərarı ilə elan edilib.



axar.az