Çuğundur şirəsi beyin üçün cavanlıq iksiridir
21.4.2017

Ueyk Forest Universitetinin (Wake Forest University, ABŞ) bir qrup tədqiqatçısı müəyyən edib ki, hipertoniyadan əziyyət çəkən ahıllar bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Alimlər onlara bədən hərəkətlərindən əvvəl çuğundur şirəsi içməyi məsləhət görürlər. Belə əlaqələndirmə beyni, demək olar, cavanlıqda olduğu kimi yaxşı vəziyyətdə saxlamağa kömək edir.

Xəbər verilir ki, çuğundur şirəsinin tərkibində nəinki tam bir sıra müxtəlif bəsləyici maddələr var, o, həm də orqanizmə azot monooksidi istehsal etməyə imkan verən birləşmələrlə zəngindir. Bu molekullar qan damarlarının daralmasında və genəlməsində çox vacib rol oynayır. Mütəxəssislərin fikrincə, bu xüsusiyyəti çuğundur şirəsini hipertoniyadan əziyyət çəkən insanlara daha faydalı edir. Xüsusən də bədən hərəkətlərindən əvvəl içiləndə.

Mütəxəssislər tədqiqata yaşı 55-dən çox olan, yüksək qan təzyiqindən əziyyət çəkən və bu problemi aradan qaldırmaq üçün maksimum iki dərman preparatı qəbul edən 26 kişi və qadın dəvət ediblər. İştirakçılardan bu və ya digər içkini içmək, sonra isə bir müddət qaçış cığırında məşq etmək tələb olunub. Mütəxəssislər altı həftə ərzində iştirakçıların sağlamlıq durumunda, o cümlədən onların beyinlərində baş verən dəyişiklikləri izləyiblər. Məlum olub ki, məşqdən əvvəl çuğundur şirəsi içənlərin beyinlərinin vəziyyəti eksperiment müddətində nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

azertag.az