Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb
21.4.2017

Texas A&M Universitetinin Tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov ABŞ-ın Milli Elm Fondu (The National Science Foundation) tərəfindən tədqiqat mükafatına layiq görülüb.

42,6 min dollar həcmində olan bu mükafat S.Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin “İnsan Davranışları Laboratoriyası”nda sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək.

Milli Elm Fondu ABŞ federal hökuməti tərəfindən maliyyələşdirilir və hər il elmi inkişaf etdirəcək, əhalinin rifahını yüksəldəcək və sosial siyasət qərarlarını daha effektiv edəcək elmi araşdırmalara qrant şəklində mükafat verərək elm adamlarını dəstəkləyir. Fondun qrant mükafatları alimlər arasında olduqca prestijə sahibdir və bu mükafat bir neçə mərhələdən ibarət olaraq referilərin rəyi və komissiyaların qərarları nəticəsində ən yüksək perspektivli elmi işlərə verilir. S.Hüseynov Fondun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə mükafatına layiq görülüb. O, son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas A&M-dən isə ilk doktorantdır.

Onun bu layihəsi emosiyalar altında iqtisadi qərarların verilmə mexanizmini analiz edir. Belə ki, 2007-ci ildə ABŞ-da qəbul olunan qanuna görə, bütün restoranlar menyularında təqdim olunan yeməklərin kalorisi ilə bağlı məlumat verməlidirlər. Bu qanunun əsas məqsədi insanları yüksək kalorili qidalardan çəkindirmək, əhalini az kalori istehlak etməyə sövq etmək və kökəlmənin qarşısını almaqdan ibarətdir. Amma qanunun tətbiqi gözlənilən nəticəni verməyib və əhalinin kalori istehlakında azalma müşahidə olunmayıb. S.Hüseynovun qurduğu nəzəri-davranış modelinə görə, yüksək kalorinin təqdim edildiyi mühitdə (restoranlarda və s.) insan beyni daha ləziz görünən, çox kalorili və sağlam olmayan qidaların pozitiv xüsusiyyətlərini önə çəkir, neqativ xüsusiyyətlərini isə görməzdən gəlir və bu yolla qeyri-sağlam qidalanmaya səbəb olur. S.Hüseynov qurduğu model insanın emosiyalarını, beyin dalğalarını və göz hərəkətlərini də ölçməyi və bu yolla qida seçiminin neyro əsaslarını araşdırmağı planlaşdırır.

Qeyd edək ki, S.Hüseynov Bakıdakı 1 saylı Fizika-riyaziyyat təmayüllü liseydə oxuyub, İqtisad Universitetini bitirdikdən sonra Macarıstanda magistratura təhsili alıb. O, hazırda xaricdə təhsil üzrə 2007-2015-ci illər üzrə Dövlət Proqramı çərçivəsində Texas A&M Universitetində doktorantura təhsili alır. Ailəlidir, iki övladı var.

trend