Azərbaycan hotellərində də halal turizm standartları tətbiq ediləcək
25.4.2017

Azərbaycanda ölkənin multikultural dəyərlərini özündə ehtiva edən halal turizm modeli yaradılıb.

Bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini icra edən Namiq Tağıyev bu gün "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.

Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turistlərin gəldiyini və may ayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları əvvəli halal turizmlə bağlı beynəlxalq təcrübənin öyrənildiyini deyən institut rəsmisi "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəldiyini söyləyib.

Onun sözlərinə görə, "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartı halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün "Halal idarəetmə sistemi"ni əhatə edir.

Standartlarda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir.

trend.az