Hıçqırıq hər kəsin üzləşə biləcəyi haldır. Bəs onu nə yaradır və həmin narahatlıqdan necə xilas olmaq mümkündür? Həkim-fitoterapevt Ulduz Hüseynova bunları söyləyib: “Hıçqırıq qazlar və qidanın xaric olmasını əks etdirən refleksdir. Bu, səs yarığının qapalı vəziyyətində diafraqmanın yığılması ilə əlaqədar olan qeyri-ixtiyari, güclü, səciyyəvi səsli və qısamüddətli nəfəsalmadan ibarətdir. Hıçqırıq psixi oyanmada, mədə yeməklə çox yüklənəndə, çoxlu spirtli içki və quru yeməklər qəbul ediləndə, həyəcan keçirəndə, orqanizmin temperaturu aşağı düşəndə, əsəb pozğunluğunda və həzm sisteminin isti yeməklərlə qıcıqlandırılması zamanı müşahidə edilir.
Bəzən həmin səbəblər olmadan tam sağlam vəziyyətdə də hıçqırıq baş verir, lakin tezliklə də keçib gedir. Hıçqırığın dayanmasına tənəffüsün qısamüddətli dayanması ilə nəticələnən dərin nəfəsalma da səbəb olur. Bir neçə qurtum soyuq su qəbul ediləndə hıçqırıq dayanır”.
U.Hüseynova hıçqırığı dayandırmağın yollarını da göstərib: “Hıçqırıq başlayan kimi isti su, çay və ya süd içilməsi müsbət nəticə verir. Barmaqlarla qulağın bağlanması azan siniri oyatmağa kömək edir. Acqarına bir neçə mixək çeynənilməsi də hıçqırığın dayanması üçün səmərəli üsuldur.
Davamlı hıçqırıq zamanı 1 çay qaşığı şüyüd meyvəsi üzərinə 1 stəkan qaynar su əlavə edilərək yarım saat dəmlənilib süzülür və dəmləmə gündə üç dəfə üçdəbir stəkan içilir.
2 xörək qaşığı qurulub xırdalanmış dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənilib süzülür və 10-15 damcı qəbul edilir.
Xardal toxumları əzilib toz halına salınır, sirkə ilə qarışdırılaraq sıyığabənzər kütlə halına gətirilir və dilin üst səthinin üçdəbir hissəsinə yaxılır. Yandırıcı təsir göstərir və 2 dəqiqə sonra ağız boşluğu ilıq su ilə yaxalanır. Xardal əvəzinə sürtgəcdən keçirilmiş sarımsaqdan da istifadə etmək olar.
Davamlı hıçqırıq zamanı qaraqınığın xırda doğranmış otu üzərinə yarım litr zeytun və ya günəbaxan yağı əlavə edilir, 8 saat saxlanandan sonra süzülür, alınan yağlı çıxarış boyun nahiyəsinə sürtülür və gündə üç dəfə 1-3 damcı qəbul edilir”.
azertag.az