Xırdalan şəhər 11 illik musiqi məktəbi ilə Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzi arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Bu əməkdaşlıq çərçivəsində məktəbin kollektivi Gürcüstanda növbəti qastrol səfərində olub.
Musiqi məktəbinin direktoru, Əməkdar Müəllim İkram Manafov bildirib ki, şagirdlər Tbilisidə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbirə qatılıblar. Səfər ərəfəsində məktəbin kollektivi “Qardaş məktəblər” layihəsi çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrinin davamı olaraq, Kutaisi və Xaşuri şəhərlərində fəaliyyət göstərən musiqi məktəblərində də konsert proqramı ilə çıxış edib.
Xaşuri şəhərində keçirilən tədbirdə iştirak edən şəhər rəhbərliyinin nümayəndələri Vaza Subitidze, Lili Ruxadze, Liona Tatişvili və başqaları Xırdalan şəhər 11 illik musiqi məktəbinə gələcək işlərində uğurlar arzulayaraq, bu əlaqələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sözügedən tədbirlərdə məktəbin xalq çalğı alətləri orkestri Azərbaycan klassik və xalq musiqisindən ibarət konsert proqramları ilə çıxış edib.
azertag.az