Bu şəxslər İslamiadada ictimai nəqliyyatdan pulsuz istifadə edəcək
1.5.2017

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 1-30 may tarixlərində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək. Bu məqsədlə "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə, daşıyıcılarla ayrıca görüşlər keçirilib.

Bakı Nəqliyyat Agentliyi akreditasiya kartı alan şəxslərə sərnişin avtobuslarına minərkən kartlarını açıq şəkildə üzərlərindən asmağı tövsiyə edir. Məlumat üçün onu da qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumları və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzi (NƏM) təşkil edilib. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaq.

Qeyd edək ki, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

trend