Aprelin son həftəsi ölkəmizdə keçirilən 31-ci EFPSA Konqresinin işi başa çatıb. Xatırlatmaq yerinə düşər ki, EFPSA Avropada psixologiya ixtisası üzrə təhsil alan tələbələri və gənc mütəxəssisləri birləşdirən və 33 Avropa ölkəsinin üzv olduğu təşkilatdır. MDB ölkələrindən yalnız Azərbaycanın üzv olduğu təşkilatda ölkəmizi “Gənc Psixoloqlar” İctimai Birliyi təmsil edir.
EFPSA-nın hər il keçirilən və ən böyük tədbiri hesab olunan illik konqresində 33 ölkədən 300-dən artıq gənc psixoloq və professor-müəllim heyəti iştirak edir. Qax rayonunda keçirilən 31-ci EFPSA konqresinin mövzusu “Müasir insanlıq” olub. Mövzu ətrafında müharibə və terror hadisələrinin yaratdığı psixoloji mühit, mədəniyyətlərarası fərqliliklərdən irəli gələn psixoloji çətinliklər, texnoloji inkişaf şəraitində insan psixikası və digər mövzular müzakirə olunub. Tədbirdə Britaniya Psixoloqlar Cəmiyyətinin vitse-prezidentdi Jeymi Hager Hugs, Avropa Psixoloqlar Assosasiyasının baş katibi Robert Xiberias, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, professor Rauf Qaragözov, Hollandiyanın Utrext Universitetinin psixologiya elmlər doktoru Art Franken, Moskva Dövlət Universitetinin professoru Veronika Nurkova, İstanbul Şəhər Universitetinin professoru Ceren Acartürk və başqalarının mövzu ilə bağlı mühazirələri dinlənilib.
Bir həftə davam edən konqres zamanı Azərbaycan mədəniyyəti gecəsi və Qax və Şəki şəhərlərinə gəzinti turu da təşkil olunub.
EFPSA-nın 32-ci konqresi gələn il mayın ilk həftəsində Maltada keçiriləcək.
azertag.az