Krasnoyarskda Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə Azərbaycan Mədəniyyəti Günü keçirilib.
Krasnoyarsk şəhərinin başçısı Edxam Akbulatov, Krasnoyarsk diyarı mədəniyyət nazirinin müavini Olqa Vasilenko, Krasnoyarsk diyarı Xalqlar Dostluğu Evinin direktoru Pyotr Suvorov, Əmək və Anlaşma Sarayının baş direktoru Valeriy Xatkeviç mərasimdə çıxış edərək xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrindən söhbət açıblar.
Qonaqlar əvvəlcə Azərbaycanın incəsənətini, ədəbiyyatını və dekorativ tətbiqi sənətini əks etdirən sərgi ilə tanış olublar.
Tədbir “Odlar yurdu” ansamblının ifasında “Sarı gəlin” xoreoqrafiya tamaşasının nümayişi ilə davam edib. Tamaşanın rejissoru və xoreoqrafı Rauf Zeynalovdur. Həmçinin ansamblın müşayiəti ilə “Qarabağ çobanlarının rəqsi”, “Cücələr” və qadınların qavalla rəqsi maraqla qarşılanıb.
Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi Nadejda Vedmitskayanın rəhbərliyi altında “Kedrovıye oreşki” kollektivinin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) orta və azyaşlı üzvlərinin ifasında xoreoqraf Etibar Zeynalovun “Dostluq” rəqsi xüsusi rəğbət doğurub.
Bu il 10 illik yubileyini qeyd edən “Odlar yurdu” mahnı və rəqs ansamblının kollektivi yubiley münasibətilə Sarayın baş direktoru tərəfindən “Xalq ansamblı” adı ilə təltif olunub. “Odlar Yurdu” ansamblının müəllim heyəti və bədii rəhbəri Krasnoyarsk diyarı ərazisində Azərbaycan mədəniyyətinin qorunması və inkişafında göstərdikləri xidmətlərə görə təşəkkür məktubları və fəxri şəhadətnamələrlə təltif ediliblər.
Ansambl artıq 10 ildir ki, Azərbaycan mədəniyyətini və tarixini nəinki Sibirdə, eləcə də Rusiyanın digər regionlarında və dünyanın müxtəlif şəhərlərində layiqincə təmsil edir. Krasnoyarsk diyarında demək olar bütün mədəni-kütləvi tədbirlərin iştirakçısı olan ansambl 2011-12-ci illərdə Türkiyədə qastrol səfərində olub, 2015-ci ildə isə kollektivin rəqqasları Tailandda çıxış ediblər.
Tədbirdə Azərbaycan musiqisinin ritmləri və dünyanın 20-dən çox xalqının mədəniyyətini əks etdirən mahnı və rəqslər ifa edilib.
azertag.az