Mayın 3-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında tanınmış aktyor, Azərbaycan kinosunun “İsmayıl”ı adlanan Ceyhun Mirzəyevin anadan olmasının 70 illiyinə həsr edilmiş anma tədbiri keçirilib.
Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Tahir Sadıqov əslən Qarabağdan olan, hadisələri həyəcanla izləyən, torpaq itkisi ilə barışmayan Ceyhun Mirzəyevin kino sənətində işıqlı bir sima kimi əbədiləşdiyini diqqətə çatdırıb.
“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə C. Mirzəyevin hələ uşaqlıqdan “Ögey ana”, “Əsl dost”, “Görüş”, “Dəli kür”, “Yenilməz batalyon” filmlərində yaddaqalan obrazlar yaratdığını bildirib.
Tədbirdə Xalq artistləri - Elxan Qasımov, Şamil Süleymanlı, Eldost Bayram, kinorejissor, Əməkdar İncəsənət Xadimi Kənan Məmmədov və başqaları unudulmaz aktyorun şərəfli həyat yolundan söhbət açıblar. Onun təkcə aktyor, rejissor deyil, həm də bir dost kimi müsbət xüsusiyyətlərindən danışıblar.
C.Mirzəyevin yaradıcılığının qaynar çağında, 46 yaşında həyatdan getməsini təəssüflə qeyd edən sənət dostları onun xatirəsinin həmişə xalqımızın ürəyində yaşayacağını söyləyiblər.
Onun rejissor kimi “Mozalan” satirik kinojurnalında yaratdığı yumoristik səhnəciklərin hələ da qızıl fondda saxlandığını bildiriblər.
Çıxış edənlər Xocalı soyqırımına həsr etdiyi “Fəryad” filminin onun sonuncu rejissor işi olduğunu bildiriblər.
Vurğulanıb ki, Qarabağın Abdal-Gülablı kəndində dünyaya gələn, torpaq itkisini, erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətini həyəcanla izləyən C.Mirzəyevin ürəyi bu dəhşətlərə dözə bilmədi, elə “Fəryad” filminin çəkilişləri zamanı dünyasını dəyişdi.
C.Mirzəyev kino sahəsinə 5 yaşında gəlib, sonralar tanınmış aktyor, rejissor köməkçisi, rejissor kimi fəaliyyət göstərib, Azərbaycan İncəsənət İnstitutunun, Moskva Kinematoqrafçılar İnstitutunun məzunu olub.
Onun birinci və sonuncu filmində canlandırdığı obrazın da İsmayıl adlandığını söyləyən dostları C. Mirzəyevin işıqlı çöhrəsinin hər zaman ekranlarımızın yaddaşında qalacağını, yaratdığı parlaq obrazların xalqın hafizəsindən silinməyəcəyini, xalqın “İsmayıl”ı olaraq xatirələrdə, ekranlarda yaşayacağını bildiriblər.
Sonda C.Mirzəyevin çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.
azertag.az